9 May Qələbə Günündə Həzi Aslanov Ev-Muzeyinə Kütləvi Ziyarət Keçirilib.
9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə xalqımızın fəxri, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları Qvardiya General-mayoru Həzi Aslanovun Ev-Muzeyi fərqli nəsillərdən olan dəyərli qonaqları və rəsmi nümayəndə heyətlərini qəbul etmişdir.
Əlamətdar bayram günündə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin bir qrup veteranı muzeyi ziyarət edərək böyük sərkərdə Həzi Aslanovun xatirəsini dərin hörmət və ehtiramla anmışlar. Ziyarət zamanı Qələbə Gününün tarixi əhəmiyyəti bir daha vurğulanmış, qəhrəmanlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim uca tutulacağı və yaşayacağı xüsusi olaraq qeyd edilmişdir.
Eyni zamanda, Azərbaycan Vətən Müharibə Veteranları İctimai Birliyinin (AVMİB) Lənkəran şəhər şöbəsinin sədri İlham Qurbanov, sədr müavini Saleh Dostiyev və Lənkəran şəhər Məhkəməsi Aparatının rəhbəri, Böyük məsləhətçi Nazlı Abramova kollektivi ilə birlikdə muzeyə gələrək qəhrəmanlıq tariximizə ehtiramlarını ifadə etmişlər.
Tədbirə xüsusi rəng qatan isə "Qüdsi Kids" Tədris Mərkəzinin balaca fidanları olmuşdur. Cəsur sərkərdənin şərəfli həyat və döyüş yolu ilə tanış olan uşaqların vətənpərvər ruhda səsləndirdikləri şeirlər və sevgi dolu baxışları ziyarəti daha da yaddaqalan etmişdir. Gələcəyimizin qurucuları olan azyaşlılara bu tarixi sevdirmək hər bir iştirakçıda böyük qürur hissi oyatmışdır.
Bu əlamətdar gündə müxtəlif dövrlərin döyüş veteranlarının, rəsmi kollektivlərin və azyaşlı gələcək nəslin bir araya gəlməsi xalqımızın qəhrəmanlıq ənənələrinin və tarixi yaddaşının nəsildən-nəslə böyük fəxr şəraitində ötürüldüyünü bir daha sübut edir.
Event Gallery