Həzi Aslanov Ev-Muzeyində Arif Aslanovun Əziz Xatirəsi Ehtiramla Yad Edilib
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları Qvardiya General-mayoru Həzi Aslanovun layiqli davamçısı, onun soyadını şərəflə daşıyan övladı, sabiq avtomobil nəqliyyatı naziri Arif Aslanovun əziz xatirəsi Həzi Aslanov Ev-Muzeyində ehtiramla yad edilmişdir.
Anım günü çərçivəsində təşkil olunan dəyirmi masa arxasında Həzi Aslanovun ailəsini yaxından tanıyan və muzeyin fəaliyyəti haqqında dolğun məlumata malik, Prezident sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş təqaüddə olan müəllimə Südabə Hüseynova, Tarix üzrə fəlsəfə doktoru, LDU-nun dosenti və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova, həmçinin AVMİB Lənkəran şəhər şöbəsinin sədri İlham Qurbanov və sədr müavini Saleh Dostiyev toplaşaraq Arif Aslanov haqqında öz dəyərli fikirlərini bölüşmüşlər. Çıxışlarda onun sadəliyi, vətənə bağlılığı və atasının şanlı irsini yaşatmaq istiqamətində gördüyü işlər xüsusi vurğulanmışdır. Qonaqlar qeyd etmişlər ki, Arif Aslanov yalnız böyük bir qəhrəmanın oğlu deyil, həm də bu adı ləyaqətlə daşıyan, gələcək nəsillərə örnək olan bir şəxsiyyət kimi yaddaşlarda qalıb.
Dəyirmi masada qəhrəman oğlunun zəngin və şərəfli ömür yoluna nəzər salınmışdır. Qeyd olunub ki, 1938-ci ildə anadan olan Arif Həzi oğlu Aslanov Odessa Dəniz Mühəndisliyi İnstitutunun Bakı filialını və Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmiş, sonradan Moskva Xalq Təsərrüfatı Akademiyasında təhsil almışdır. Əmək fəaliyyətinə 1961-ci ildə başlayan A.Aslanov neft hasilatı və nəqliyyat sahələrində müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, 1979-cu ildə Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, 1990-cı ildə isə nazir vəzifəsinə təyin olunmuşdur. 1992–1996-cı illərdə "Azəravtonəqliyyat" Dövlət Konserninin prezidenti kimi dövlətçiliyimizə xidmət edən Arif Aslanov fəaliyyəti dövründə dəfələrlə yüksək dövlət mükafatları ilə təltif edilmişdir.
1 may 2007-ci ildə vəfat edən Arif Aslanovun xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Bu cür anım tədbirləri bir daha sübut edir ki, onun gördüyü işlər, daşıdığı mənəvi dəyərlər hər zaman gənclərə örnək olacaqdır. Ruhu şad, xatirəsi əbədi olsun!
Event Gallery